Müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğunda sürətlə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın sürətli artımı və yeniləşməsi təhsil prosesinin təkmilləşməsini və dinamik inkişafını zəruri edir. Dövlətimizə, cəmiyyətimizə və ümumiyyətlə, tariximizə bələd olan, yeni düşüncəyə malik gənclər yetişdirmək, onlara bilik və bacarıq vermək, millətimizin adət-ənənələrinə və maddi-mənəvi dəyərlərinə qiymət verən və onları gələcək nəsillərə ötürə bilən yüksək ixtisaslı kadrlar hazırlamaq Bakı Dövlət Universitetin üzərinə düşən tarixi vəzifədir.

Bu gün BDU-da mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin fərman və sərəncamları, Təhsil sahəsində İslahat Proqramına və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir.

BDU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir.

Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır.

İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış və rektor tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. Təhsil 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000 yaxın tələbə də təhsil alır. Tədris prosesinə 127 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti cəlb edilmişdir. Bununla yanaşı, BDU-da Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutları, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya, nanomaterialların alınması problemlərini ehtiva edən çox geniş spektrdə mövzular üzrə elmi araşdırmalar aparan 30 elmi-tədqiqat laboratoriyası və mərkəz fəaliyyət göstərir.

Pedaqoji kadr hazırlığı riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı  müəllimliyi ixtisasları üzrə aparılır. Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramı həyata keçirilir. Belə ki, qəbul zamanı 500 və daha yüksək bal toplayan, ixtisas seçimi zamanı birinci və ya ikinci  müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə əlavə “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. 2014-2015-cü tədris ilində “Gələcəyin müəllimi təqaüdü”nün qaliblərinin 142-si (47%) BDU-nun tələbələri olub.

2014-2015-ci tədris ilindən başlayaraq, BDU Elmi Şurasının 09 iyul 2014-cü il tarixli iclasının qərarı ilə universitetin nəzdində Əlavə Təhsil Mərkəzi yaradılıb. Mərkəzdə əlavə təhsilin bütün istiqamətləri (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili) üzrə təhsilin fasiləsizliyini təmin etmək, peşə hazırlığının səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra BDU-da təhsildə yüksək göstəricilər əldə etmiş və ictimai işlərdə fərqlənən tələbələr üçün adlı  təqaüdlər– Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bunyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya  Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Məmmədəmin Rəsulzadə, Murtuz  Ələsgərov və d. adına adlı və xüsusi təqaüdlər təsis olunub.

Avropa ali təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, ali təhsil sənədlərinin və ixtisasların qarşılıqlı tanınması, təhsilin keyfiyyətinin və tələbələrin akademik mobilliyinin Boloniya Bəyannaməsinin tələblərinə uyğun artırılması istiqamətində 2011-2012-ci tədris ilində universitetin mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, fizika, kimya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrində ingilisdilli qruplar yaradılıb. İlk olaraq 8 ixtisas üzrə təşkil olunmuş ingilisdilli qruplar hazırda 16 ixtisası əhatə edir. Riyaziyyat, fizika, kimya, biologiya, kompyuter elmləri, ekologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, tarix, psixologiya, sosiologiya, dünya iqtisadiyyatı, iqtisadiyyat, turizm və otelçilik, kitabxanaçılıq-informasiya və jurnalistika ixtisasları üzrə ingilis dilində kadr hazırlığı həyata keçirilir. Tədris prosesinə yüksək ixtisaslı yerli kadrlarla yanaşı, xarici ölkədən dəvət olunmuş mütəxəssislər də cəlb edilir.

2014-2015-ci tədris ilindən başlayaraq, BDU-da savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları fəaliyyət göstərir. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qruplarının əsas məqsədi Azərbaycanın inkişafına töhfə verəcək, savadlı, bacarıqlı və hazırlıqlı gənc mütəxəssislər hazırlamaq, yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı peşəkarlıq kadr hazırlığı həyata keçirməkdir. BDU-da 12 ixtisası əhatə edən SABAH qruplarında 214 nəfər tələbə təhsil alır. Fizika müəllimliyi, riyaziyyat müəllimliyi, kimya müəllimliyi, kimya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompyuter elmləri, geologiya, coğrafiya, coğrafiya müəllimliyi, tarix və tarix müəllimliyi ixtisasları üzrə xüsusi tərtib olunmuş tədris planları əsasında təhsil alan tələbələr müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalarda dərs keçirlər. SABAH qruplarında təhsil alan tələbələrə SABAH təqaüdü verilməklə yanaşı, bölgələrdə yaşayan və sosial təminatı az olan tələbələr üçün güzəştlər nəzərdə tutulur, yaşayış üçün yataqxana ilə təmin edilirlər.

SABAH qruplarının koordinasiyasını təmin etmək məqsədi ilə universitetdə professor Rəna Qasımovanın rəhbərliyi ilə SABAH Mərkəzi fəaliyyət göstərir. Mərkəz tərəfindən Azərbaycan gəncləri üçün yeni imkanların yaradılması, onların fərdi və peşəkar inkişafına dəstək vermək üçün tələbələr üçün mütəmadi olaraq konfranslar, görüşlər, yerli və əcnəbi müəllimlərin mühazirələri təşkil olunur, əmək bazarı ilə daimi bağlılıq yaradılması üçün biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilir.

Son illər Bakı Dövlət Universitetində tələbələrin nəzəri biliklərlə yanaşı, dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün çöl-tədris təcrübələri imkanları da genişləndirilir.

BDU-nun tələbələri hər il tədris planına və tədris qrafikinə uyğun olaraq tədris və istehsalat təcrübələrində iştirak edirlər. Pedaqoji təcrübədə mexanika-riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, filologiya, tarix, tətbiqi riyaziyyat və kibernetika, beynəlxalq münasibətlər və iqtisadiyyat (politologiya ixtisası üzrə), ekologiya və torpaqşünaslıq fakültələrinin I-IV kurs tələbələri iştirak edir. Pedaqoji təcrübənin keçirilməsində ixtisas müəllimləri ilə birlikdə orta məktəb müəllimləri, pedaqogika, psixologiya kafedralarının müəllimləri də iştirak edirlər. Universitetin tələbələri üçün pedaqoji təcrübəni aparmaq məqsədilə şəhərin bir sıra məktəbləri ilə 5 il müddətinə müqavilə bağlanmışdır. Belə məktəblər sırasına BDU-nun “Gənc İstedadlar” liseyi, Zərifə Əliyeva adına lisey, Slavyan Universiteti nəzdində “Gənc İstedadlar” liseyi, Milli Gimnaziya, Humanitar lisey, Z.Tağıyev adına Maliyyə-iqtisad kolleci, Bakı Türk liseyi, orta və internat tipli məktəb daxildir.

İstehsalat təcrübələri isə BDU-nun rəhbərliyi tərəfindən müəyyən edilmiş baza müəssisələrində aparılır. Bu təcrübələr də müqavilə əsasında həyata keçirilir. İstehsalat təcrübələrində hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, biologiya, kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, kitabxanaçılıq-informasiya, coğrafiya, geologiya və b. fakültələrin tələbələri iştirak edirlər. Biologiya fakültəsinin tələbələri Coca-Cola şirkətində, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Azərbaycan Dövlət neft Şirkətinin elmi-tədqiqat laboratoriyalarında istehsalat təcrübəsi keçirlər. Mexanika ixtisası üzrə təhsil alanlar üçün təcrübələr BAKMİL birgə müəssisində, Kimya fakültəsinin tələbələri üçün Dərman Preparatları Zavodunda, Neft və Yanacaq İstehsalat Birliyində və Neftayırma zavodunda keçirilir. Biologiya və coğrafiya fakültələrinin tələbələri isə Altıağac və Quba Tədris-təcrübə və İstirahət mərkəzlərində təşkil olunan istehsalat təcrübəsində iştirak edirlər.  2013-2014-cü tədris ilində 1000-nə yaxın müəllim və tələbə BDU-nun Quba və Altıağac Mərkəzlərində istehsalat təcrübəsi keçmiş və istirahət etmişlər.

Universitetin Quba Tədris-təcrübə və istirahət mərkəzi zəngin təbiəti olan Quba rayonun II Nügədi kəndində, Bakıdan 200 kilometr məsafədə yerləşir. Mərkəz 2013-cü ildə tikilib istifadəyə verilmişdir. 450 nəfər üçün nəzərdə tutulan Mərkəzdə universitetin tələbələrinin çöl təcrübələri ilə yanaşı, elmi-praktiki konfranslarının keçirilməsi və professor-müəllim heyətinin istirahəti üçün ən müasir tələbələrə cavab verən şərait yaradılmışdır.

2013-cü il 18 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət mərkəzinin  açılışı olmuşdur. 8 hektar ərazisi olan Mərkəzin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. 400 nəfər üçün nəzərdə tutulan tədris və istirahət korpusunda universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılmışdır.

Binada disputlar, müzakirələr aparılması və tədbirlər keçirilməsi üçün 30 nəfərlik konfrans zalı yerləşir. Burada ən müasir tələblərə uyğun təchiz edilmiş 2-3 otaqlı beş VİP mənzil professor-müəllim heyətinin istifadəsindədir. İsitmə və soyutma sistemi, audio və video görüntülər şəbəkəsi olan 300 nəfərlik böyük akt zalı müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Mərkəzdə yaradılmış elektron kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanmışdır. Bundan əlavə, Tədris-təcrübə və istirahət  mərkəzində müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalar, elektron lövhə və digər müasir avadanlıqlarda təchiz edilmiş tədris auditoriyaları təşkil olunmuşdur.

Bakı Dövlət Universitetinin Azərbaycanın ən gözəl guşələrindən biri olan Altıağac qəsəbəsindəki Tədris-təcrübə bazası 1990-cı ildən fəaliyyət göstərir. 2001-ci ildə əsaslı təmirdən sonra baza professor-müəllim heyətinin istirahəti üçün də istifadə edilir.

Altıağac Tədris-təcrübə bazasında eEkologiya və torpaqşünaslıq və biologiya  fakültələrinin professor-tələbə heyətlərinin  çöl təcrübələri təşkil edilir.